"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təlimlər keçirilib.
Təlimlər Gəncə şəhəri 4 nömrəli xarici dil təmayüllü məktəb-lisey və 8 nömrəli tam orta məktəb, Goranboy rayonu 1 nömrəli tam orta məktəb, Samux rayon İnstitut qəsəbə tam orta məktəb, Göygöl rayon 1 nömrəli tam orta məktəb, Daşkəsən rayon 1 nömərli tam orta məktəblərində təşkil olunub.
Layihənin əməkdaşları tərəfindən aparılan təlimlər "Fövqəladə hallar zamanı davranış və təhlükəsizlik qaydaları", “İlk tibbi yardımın göstərilməsi", "Məktəbdə təhlükəsizlik tədbirləri" mövzularını əhatə edib. Təlimlərə 7 və 8-ci sinif şagirdləri cəlb olunub. Təlim zamanı şagirdlərə tibbi yardım çantasına daxil olan dərman preparatları, yanğınsöndürmə balonundan və əleyhqazdan istifadə qaydaları əyani vəsaitlər vasitəsilə izah edilib.
Bununla yanaşı, "Məktəblinin dostu" layihəsinin Psixoloji Mərkəzi və Psixologiya Elmi-Tədqiqat İnstitunun psixoloqları tərəfindən 9-cu sinif şagirdləri üçün "Bacarıqlar və şəxsiyyət, "Yeniyətmələr üçün şəxsi inkişaf", "Art terapiya üsulları ilə şagirdlərin emosional inkişafı", "Düzgün peşə seçimi" mövzusunda təlimlər həyata keçirilib. Təlimçilər art terapiya üsulu vasitəsilə mənfi təsirlərlə mübarizə, özünütanıma və potensialın aşkara çıxarılması yolları barədə danışıblar və şagirdlərlə bu mövzuda tapşırıqlar əsasında müzakirələr aparıblar.
Qeyd edək ki, silsilə təlimlərin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur. Təlimlərin məqsədi ümumi təhsil müəssisələrinin kollektivini və şagirdləri məktəb təhlükəsizliyi, fövqəladə hallar zamanı davranış qaydaları, zədələnmələr və qəza zamanı ilk tibbi yardımın göstərilməsi, psixoloji dəstəklə bağlı düzgün istiqamətləndirmə mövzularında maarifləndirməkdən ibarətdir.