Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında 650 baldan yüksək nəticə əldə edən məzunlarla görüş keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, ali məktəblərə qəbul imtahanında 650 baldan yüksək nəticə əldə edən məzunlar, onların təhsil aldıqları ümumtəhsil məktəbinin direktorları və həmin rayonlar üzrə təhsil sektorlarının müdirləri iştirak ediblər.
Görüşdə çıxış edən idarə müdiri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanan bütün məzunları, valideynlərini və təhsil ictimaiyyətini təbrik edib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan idarə müdiri gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığını bildirib. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir.
Sonda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlara hədiyyə və təşəkkürnamə təqdim edilib.