Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərindən ümumillikdə 2031 nəfər ibtidai sinif müəlliminin sertifikasiya prosesində iştirak edəcəyi gözlənilir. İmtahan prosesi 2 mərkəzdə həyata keçirilir.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr ediləcək.