27.09.2022

"Yaxşı bir müəllim yerinə görə yaxşı bir müəllim, həm ana-ata, həm rəhbər, həm də dost ola bilər." - ibtidai sinif müəllimi Məhsəti Zeynalova

Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məhsəti Zeynalova 1980-ci ildə Goranboy rayon Şadlı kəndində dünyaya gəlib. 1997-ci ildə Gəncə Dövlət Universitetinin ibtidai təhsili pedaqogika və metodikası ixtisasına qəbul olub. 2000-ci ildən Goranboy rayon Şadlı kəndində müəllimlik fəaliyyətinə başlayan Məhsəti müəlim 2008-ci ildən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirir.

 

Məhsəti müəllimlə olan müsahibəmizi təqdim edirik.

 

Neçə ildir pedaqoji fəaliyyətlə məşğulsunuz, müəllimliyin sizə qazandırdıqları nələr oldu?

- Artıq 22 ildir ixtisasım üzrə ibtidai sinif müəllimi kimi çalışıram. Müəllimlik peşəsini  sevərək seçmişəm. Peşəmin mənə qazandırdıqlarını sözlə ifadə etsəm, bitməz. Düşünürəm ki,  şagirdlərimə münasibətimdə, özümün də nə vaxtsa uşaq olduğumu unutmadan davranmağı, onlarla dost olmağı, uşaqların dünyasını anlamaqla cəmiyyətə, xalqa, faydalı nəsil yetişdirmək uğrunda qətiyyətlə addımlamağı qazandırıb mənə. Yaxşı bir müəllim yerinə görə yaxşı bir müəllim, həm ana-ata, həm rəhbər, həm də dost ola bilər.

 

eTwinning layihəsi üzrə keyfiyyət nişanı əldə edibsiniz. Bu və bu kimi hansı layihə və görüşlərdə iştirak edibsiniz?

- Müəllim hər zaman öz üzərində çalışmalıdır. Dəyişən dünyamızda buna həqiqətən ehtiyac var. Bütün bu qeyd etdiklərimə uyğun olaraq mən İTE (İnnovativ Texnologiyalar üzrə Əlavə Təhsil Mərkəzi) təlimçisi olmuşam bununla belə “eTwinning” layihəsində 2020-2021-ci və 2022-2023-cü illərdə “ Keyfiyyət nişanı” ilə təltif olunmuşam. Bundan başqa “Microsoft Education Center” (müəllim bacarıqlarının artırılması üzrə) MİE Expert nominasiyasının 2021-2022 və 2022-2023-cü illərdə qalibi olmuşam. Yeni başladığımız tədris ilində isə artıq Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi olaraq yeni layihə icra edəcəm. “İnkluziv siniflərdə animasiya” adlı layihəm şagirdlərdə rəqəmsal bacarıqların artırılması məqsədi daşıyır. Bundan başqa mən EYUDER (Eğitim Yöneticileri Uzmanları Derneyi) üzvüyəm.

 

Bir müəllim kimi fərqli təlim və görüşlərdə iştirak edərək hansı təcrübəni əldə edibsiniz? 

- Müəllim daimi axtarışda olmalıdır. Peşəmlə bağlı yenilikləri öyrənmək mənim gündəlik tələbatımdır deyərdim. İştirak etdiyim, istər yerli, istərsə də beynəlxalq təhsil görüşləri, təlimlər, elmi konfranslar və layihələrdən əldə etdiyim yenilikləri dərslərimə tətbiq edirəm və bununla şagirdlərimi XXI əsr bacarıqlarına uyğun yetişdirməyə nail oluram.

 

- Fənninizi tədris edərkən hansı yenilik və innovasiyalardan istifadə edirsiniz.

- Hazırki informasiya bolluğunda şagirdlərin diqqətini dərsə, elmə yönəltmək asan deyil. Bunun üçün, onları birlikdə, əməkdaşlıq edərək layihə əsaslı öyrənməyə yönləndirəm. Beynəlxalq “eTwinning” platforması layihə əsaslı öyrənmə üçün, ən gözəl vasitədir. Artıq ikinci ildir ki, bu platformada şagirdlərimlə işlədiyimiz layihələr beynəlxalq nailiyyət qazanır. Hər bir müəllim innovativ vasitə və üsullardan istifadə etməklə, dərslərini maraqlı, şagirdlərini diqqətini çəkəcək formada keçə bilər. Çalışmaq lazımdır ki, hərtərəfli inkişafa nail olaq. Bunun üçün, əvvəlcə müəllim özünü inkişaf etdirməli və bu daimi olmalıdır. O zaman istədiyimiz savadlı və bacarıqlı şagirdlər yetişdirməyə nail olacağıq.

 

- Sizə stimul verib motivasiya edən nədir?

Mənə əsas stimul verən müəllimlik adıdır. İbtidai sinif şagirdləri yaş kateqoriyasına görə kiçik yaşlı olduqları üçün onlarla çalışmaq xüsusi olaraq zövqvericidir. Bundan başqa 22 il ərzində dərs keçdiyi şagirdlərin müxtəlif peşələrdə özünü doğrultmuş görmək, bir müəllim üçün, ən gözəl stimul motivasiyadır. Müəllim- uşaqları həyata hazırlayandır. Bu iş nə qədər çətindirsə, o qədər də faydalıdır. Xalqa, cəmiyyətə faydalı nəsil yetişdirmək isə qürurvericidir!


Açar sözlər: ,