Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilarə Qazıyeva 1963-cü il Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində dünyaya gəlib. 1982-ci ildə H.Zərdabi adına KDPİ-nin (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olub, 1986-cı ildə universiteti fərqlənmə ilə bitirib. 1988-ci ildən Göygöl şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq müəllimlik fəaliyyətinə başlayıb. 1994-1998-ci illərdə həmin məktəbdə dərs hissə müdiri olaraq çalışıb, 1998-ci ildən Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərir.
Dilarə müəllimlə olan müsahibəmizi təqdim edirik.
-Müəllim özünü təkmilləşdirmək üçün daim yeniliklər etməli, və öz üzərində çalışmalıdır. Fəaliyyətiniz dövründə şəxsi inkişafınız üçün hansı yeniliklər etmisiniz?
-Çalışdığım illər ərzində tədrisin keyfiyyətinin yüksəldilməsi naminə yeni proqramlar əsasında keçirilən, təhsildə yenilik tələb edən təlimlərə qoşulmuşam. Həmin təlimlərdə müxtəlif tipli sertifikasiyalar və diplomlarla təltif olunub, öyrəndiyim yenilikləri təkcə sinif otağnda yox,müxtəlif məktəblərdə açıq dərslər keçirməklə bütün rayonda yaymağa çalışdım və düşünürəm ki, buna nail oldum. Bununla belə “Ana dili sərkərdədir”, “Kurikulum hansı zərurətdən yarandı”, “Müəllimlik böyük şərəfdir”, “Şagirdlərim mənim sevincimdir”, ”Dünyaya ikinci dəfə gəlsəm yenə müəllim sənətini seçərdim”, “İnsan fitrətən müəllim olmalıdır” kimi elmi məqalələrinin müəllifiyəm. Bundan başqa şagirdlərin tədris olunan fənnə marağının artırılması, şagirdlərimin meyil və maraqlarını müəyyən edir, onlara fənni sevdirmək üçün müasir tipli iş üsullarından istifadə edirəm. Mənə stimul verən çoxsaylı şagirdlərimin və onların valideynlərinin sevgisi, yüksək dəyəridir.
-Sizcə ideal şagird-müəllim münasibəti necə olmalıdır?
-Müasir dövrümüzdə təlim-tərbiyəsi ilə məşğul olduğumuz şagirdlərin həyata düzgün, məqsədyönlü formalaşdırılmasında müəllim əməyinin rolu, dəyəri xeyli böyükdür. Şagirdlərin xalqımıza, vətənimizə gərəkli insana çevrilməsində onun uşaqlarla səmimi insani münasibətdə, təmasda olması onların yetkin şəxsiyyət kimi formalaşmasına öz müsbət təsirini göstərmiş olur. Məktəbə xoş və kövrək qədəmlərini qoyan hər bir şagirdin həyat yolunu müəllimin yaratdığı məşəl işıqlandırır. İllər keçir, məşəl sönmür, şagird sadə, təvazökar, ağıllı, vicdanlı bir şəxs kimi boya-başa çatır. O, həyatda müstəqil, xoşbəxt yaşadıqca, onu insan kimi tərbiyə edən, bu yolda min bir əziyyət çəkən, gözlərinin nurunu, ürəyinin hərarətini onun səadəti üçün əsirgəməyən müəllimini heç vaxt unutmur.
-Müəllim olmaq istəyənlərə nə demək istərdiniz?
-Əgər müəllim adını yüksəklərə qaldıracaqsınızsa. tədris etdiyiniz fənni şagirdlərinizə sevdirə biləcəksinizsə,bütün keyfiyyətlərinizlə onlar nümunə olacaqsınızsa bu peşəni seçin.
-Əməkdar müəllim fəxri adına layiq görülübsünüz. Bu barədə nə deyə bilərsiniz
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşəm bu mənim üçün böyük fəxr və ağır məsuliyyətdir. Bu adı həmişə yüksək zirvədə saxlamaq üçün yorulmadan gələcəyimizin hərtərəfli şagirdlərini yetişdirmək üçün əlimdən gələni əsirgəmirəm. 34 illik fəaliyyətimə nəzər salanda çoxsaylı şagirdlərimin əksəriyyətinin məhz mənim davamçım olmağı,hal-hazırda müxtəlif ümumtəhsil məktəblərində mənim işimi davam etdirməyi ürəyimi fərəh hissi ilə doldurur. Dönüb arzuma,ötən illərə nəzər salanda arxamda böyük bir ordunun-yetirmələrimin ən nüfuzlu vəzifələri tutmağı,hamısının mənə ana kimi hörmət göstəməyi mənə böyük qürur verir.