18.10.2022

“Mənim əziz müəllimim” layihəsinin növbəti iştirakçısı Səltənət Qurbanovadır

“Mənim əziz müəllimim” layihəsinin növbəti iştirakçısı Səltənət Qurbanovadır. Səltənət Qurbanova Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavr və magistr təhsili alıb.  Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsində “Effektli öyrənmə”, 4-cü qrant müsabiqəsində isə “Rəqəmsal zəka” layihəsi ilə qalib olmuşdur. 2022-2023-cü tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbə təyin olunmuşdur.

 

Səltənət müəllimlə olan müsahibəmizi təqdim edirik.

 

- Müəllim olaraq məqsədiniz nədər ibarətdir?

- Bir müəllim kimi ən öncül məqsədim öyrənmək və öyrətməkdir. Oqtay Eloğlu dediyi kimi, yaşamaq istəyiriksə, yaratmalıyıq. Biz də cəmiyyəti irəli aparmaq, inkişaf etdirmək istəyiriksə, öyrənməli və öyrətməliyik. Həmçinin bir müəllim kimi məqsədim cəmiyyətə yararlı fərdlər yetişdirməkdir. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

 

- Dərs prosesini necə nizamlayırsınız?

- Müəllimlik şagird bilmədikdə və mənfi davranış göstərdikdə başlayır. Mən adətən həmin şagirdə məsuliyyət yükləyirəm. Məsələn, qrup işi zamanı həmin şagirdi qrup rəhbəri təyin edirəm və ya fərdi tapşırıq verirəmsə, həmin şagirdi lövhədə işləməyə dəvət edirəm, müxtəlif metodlardan istifadə edərək həmin şagirdin diqqətini dərsə yönəltməyə çalışıram, beləliklə dərsin gedişatına mane olan şagird tədris prosesinə cəlb olunur. Çox vaxt şagirdlərimə “dərsi necə keçsək sizin üçün maraqlı olar?” sualı ilə müraciət edərək yazılı cavablar alıram və həmin təklifləri oxuyaraq dərs prosesimi ona uyğun qurmağa çalışıram ki, dərs hər bir şagirdim üçün maraqlı keçsin.

 

- Sizcə müəllim olmaq daha çətindir ya şagird?

-Hər ikisinin öz məsuliyyəti və çətinlikləri var. Müəllim olaraq öyrətməyin, şəxsiyyət yetişdirməyin çətinliklərini bilirik, çünki şagirdlərin hamsı eyni olmur. Öyrənmə bacarıqları aşağı olan şagirdlərimiz də olur təbii olaraq. Onları doğru yönləndirmək, tədris prosesinə cəlb etmək daha çətin olur. Ona görə müəllimliyin yarısı da şagirdləri həvəsləndirməyin yollarını bilməkdən ibarətdir. Amma öyrənmə bacarıqları yüksək olan şagirdlə öyrətmə bacarıqları yüksək olan müəllim qarşılaşarsa, nə müəllim olmaq çətin olar, nə də şagird. Ona görə də hər kəs öz üzərinə düşən işin məsuliyyətini dərk edərək yoluna davam etməlidir.

 

-Müəllimlik peşəsində ən çox diqqət edilməli olan məqam nədir

 

-Müəllimlik peşəsində ən çox diqqət edilməli məqam ilk öncə ixtisasını mükəmməl bilməkdir, çünki ixtisasını mükəmməl bilməyən müəllim şagirdə yüksək təhsil verə bilməz. Daha sonra zamanın tələbləri ilə ayaqlaşmaqdır, düşünürəm ki, hər bir müəllim 21-ci əsr bacarıqlarına yiyələnməlidir, çünki dövrün şagirdləri sürətlə inkişafa irəliləyir, biz də müəllim olaraq onlarla ayaqlaşmağa məcburuq. Digər diqqət edilməli məqam inkişafa və yeniliyə açıq olmaqdır. Müəllim şagirdə hazır bilikləri verməməli, onun beynində fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir. Müəllimlik peşəsində ən diqqət edilməli məqam isə öyrətməyi sevməkdir. Son dövrlərdə qəbul imtahanlarında yüksək balla müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin çox olduğunu görürük, bu, müəllimlik peşəsinə sevginin artmasının, həmçinin müəllim olmaq üçün qoyulan tələblərin şəffaflığı ilə bağlıdır.

 

-Bizimlə bir xatirənizi bölüşün

- Fəaliyyətim müddətində bir-birindən maraqlı, yaddaqalan xatirələrim olub. Deməli, hələ də yadımdadır, ilk dərs günümdə sinifdə dərs zamanı məni arı sancmışdı və ilk dərs günüm olduğu üçün 45 dəqiqə bunu uşaqlara hiss etdirmədən dərsə davam etmişdim. Digər yadımda qalan xatirə isə ucqar kənddə təhsil alan şagirdlərimin kino sevincidir, belə ki, məktəbin akt zalını kino-zal kimi təşkil edərək şagirdlərim üçün film nümayiş etdirmişdim, çünki şagirdlərim həmişə kinoya getmək istədiklərini, amma həmin kənddə bu şəraitin olmadığını deyirdilər. Onların arzusunu reallaşdırmaq gözəl hiss idi.

 

       - Şagirdlərlə aranızdakı münasibət necədir

- Şagirdlərimlə aramda hörmət və sevgiyə dayanan səmimiyyət hər zaman olub, bu münasibətin belə davam etməsi üçün də əlimdən gələni etməyə çalışıram. Bütün şagirdlər istəyir ki, öz müəllimləri onlara şəxsiyyət kimi yanaşsın. Bu istəyi hər zaman nəzərə almışam. Bundan başqa, şagirdlərimin problemləri ilə fərdi şəkildə maraqlanıb onların etibarını qazanmağa çalışmışam ki, çətinlik çəkdikləri məqamlarda çəkinmədən məndən kömək istəyə bilsinlər.

 

-Şagirdlərinizə həyatı anlamaları üçün kitab hədiyə edəcək olsanız bu kitab hansı olar?

 

-Bu sualı xüsusi bəyəndim, çünki ixtisasımla da birbaşa bağlıdır. Həyatı anlamaq üçün bir çox kitablar tövsiyə edə bilərəm, amma özümün də həyatı anlamağıma kömək edən ən təsirli və faydalı hesab etdiyim Vidadi Babanlının “Vicdan susanda” əsəridir, çünki bu əsərdə yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur. Vicdan susanda bir millət deyil, bəşəriyyət ağlını itirir. Vicdan susanda bütün Yer kürəsi təhlükə qarşısında qalır. Elə bu səbəbdən düşünürəm ki, bu əsər həyatı dərk etmək üçün ən təsirli vasitədir.


Açar sözlər: ,  ,