“Mənim əziz müəllimim” layihəsinin növbəti iştirakçısı Goranboy şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Qasımovadır. İlhamə müəllim Beynəlxalq eTwinning layihələrində, İTE Təhsildə innovativ texnologiyalar seminarları, "Effektiv ünsiyyət", "Müasir təhsil, inklüziv təhsildə pedaqoji və psixoloji yanaşmalar", “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” və başqa təlim və seminarlarda iştirak edib.
İlhamə müəllimlə olan müsahibəni təqdim edirik
-Müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir?
-Müəllimlik peşəsini seçməyimin səbəbi anamın müəllim olması, müəllim ailəsində böyüməyimdir. Müəllim olmaqda məqsədim isə təkcə savadlı, intellektli deyil həmçinin də Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir.
-İdeal müəllim necə olmalıdır? Özünüzü ideal müəllim hesab edirsiniz?
-Əsl müəllim tədris etdiyin fənni, psixologiya sənətini bilməli, pedaqoq olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır. Müəllim şagirdin gələcəyini görməyi bacarmalıdır. Sinfə daxil olarkən mən Azərbaycanın gələcəyi üçün, vətənpərvərlik ruhunda, xalqıma xeyirli gənclər yetişdirmək üçün nələr etməli olduğumu düşünürəm.
-Müəllim olaraq ən çox çətinlik çəktiyiniz və ya xoşbəxt olduğunuz an hansıdır?
Peşəmi sevdiyim üçün zorlandığım anlarım yalnız səhhətim ilə bağlı ola bilər, hər zaman çalışıram ki, sinfə xoşbəxt daxil olum. Düşünürəm ki, müəllim sinifdə özünü xoşbəxt hiss edirsə , xoşbəxt gənclər yetişdirə biləcək.
-Müəllim namizədlərə müəllimliyi xəyal edənlərə nə tövsiyə edərsiniz?
-L.N.Tolstoya görə "Əgər müəllim yalnız işini sevirsə, o, yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir". Gənc müəllimlərə tövsiyəm fəaliyyət göstərdikləri məktəblərdə təcrübəli müəllimlərin təcrübəsindən faydalansınlar. Müəllim şagirdə izah etdiyi dərsi qısa və anlaşılan dildə danışmalı, uzun danışaraq şagirdi yormamalıdır. Şagird dərsin bitmə vaxtını gözləməməlidir. Müəllim öz qabiliyyəti, davranışı, geyim, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri ilə öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir .
-Dərsin gedişatını çətinə salan şagirdə necə davranarsınız?
-Çalışıram şagirdlərimi əyləncəli oyunlarla öyrədim. Əylənmək və öyrənmək birlikdə olduqda müəllim də şagirdlər də xoşbəxt olur. Şagirdlər həm əylənir, həm də öyrənir . Dərsi əyləncəli təşkil edəndə şagirdlərdə həvəs və sağlam rəqabət yaratmış oluruq . Xronoloji ardıcıllıq oyunları , debat , rollu oyunlar , şagirdlər arasında komandalar yaradaraq yarışlar, tarixi şəxsiyyətlər yarışı, xəritə oyunları keçiririk . Şablon dərs keçmək qaydasından fərqli olduğu üçün dərsin gedişatını çətinə salan şagird olmur. Şagirdlərə qabiliyyətlərinə görə hədəf müəyyənləşdirib, o hədəfə çatmaları üçün müxtəlif tapşırıqlar verirəm. Şagirdlərin vaxtlarını boş keçirmələrinə şərait yaratmıram.