05.01.2023

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində müvafiq yerlərə layiq görülən şagirdlərlə görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsində müvafiq yerlərə layiq görülən şagirdlərlə görüşərək onları təbrik edib.

 

“Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsində Samux rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Lamiyə Abbasova “Yumşaq oyuncaq” nominasiyası, Samux rayon Qovlarsarı kənd tam orta məktəbin III sinif şagirdi Fuad Əhmədli, Samux şəhər 2 nömrəli tam orta məktəbin II sinif şagirdi Siracəddin Hüseynzadə "Əl işi" nominasiyası üzrə və Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin VII sinif şagirdi Ramal Poladov “Əl işi” nominasiyası üzrə II yerə layiq görülüblər.

 

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

 

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabrın 10-da start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 503 rəsm, 95 plakat, 397 əl işi, 131 yanğın və qəza-xilasetmə texnikasının modeli və 101 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 33 nəfər birinci, 31 nəfər ikinci, 47 nəfər üçüncü yerə, 57 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.