Göygöl rayon 1 nömrəli tam orta məktəbdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, sektorun əməkdaşları, ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə I yarımilin yekunları ilə bağlı hesabat xarakterli görüş keçirilib.
Görüşdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin sağlam rəqabətin yaranmasına təsiri və şagirdlərlə işin düzgün qurulması istiqamətində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin sektor müdiri Elnur Qasımov ADA Universiteti tərəfindən həyata keçirilən “Bir müəllimin manifesti” proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak etmək hüququ qazanan Haçaqaya kənd ümumi orta məktəbin biologiya müəllimi Züleyxa Vəliyevanı təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə sektor əməkdaşları və bir neçə ümumtəhsil məktəbinin direktoru 2022-2023-cü tədris ilinin I yarımili üzrə fəaliyyətlərindən bəhs edən hesabatla çıxış ediblər.
Müzakirələrdə ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəblərdə tərbiyə işinin təşkili və digər mövzularda fikirlər dinlənilib, təklif və tövsiyələr səsləndirilib, maraq doğuran məsələlərə dair suallar cavablandırılıb.