09.03.2023

 “Mənim əziz müəllimim” layihəsinin növbəti iştirakçısı Aytən Musayevadır

  

Aytən Musayeva 2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Gəncə şəhəri 33 nömrəli tam orta məktəbə İngilis dili müəllimi təyin olunub. Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin diaqnostik qiymətləndirməsində yüksək nəticə göstərən Aytən müəllim bir sıra beynəlxalq və yerli konfrans təlim və seminarlarda iştirak edib. Onlardan bir neçəsini qeyd etmək istərdik: “7-ci Cənubi Qafqaz Regional ingilis Dili Müəllimlər Konfransı” ( Tbilisi, 2017-ci il),  “Teaching English Effectively” təlimi ( Gəncə 2019-cu il), “English Global Products” təlimi ( Bakı, 2013-cu il), Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş 11-26 iyun 2014-cü il tarixində həyata keçirilmiş “Summer Camp” layihəsində aparıcı müəllim olmuş, dəfələrlə Gəncə şəhər Təhsil İdarəsinin Fəxri Fərmanlarına layiq görülmüşdür.  AZETA-nın fəal üzvü olan Aytən müəllim eyni zamanda Amerika səfirliyinin təşkil etdiyi “Fulbright Teaching Excellence and Achievement” proqramının qalibi olaraq 2021-ci ildə ABŞ-da Ohayo ştatının Kent şəhərində 6 həftəlik təlimdə iştirak edib.

 

-Özünüzü necə təqdim edərdiniz?

-Aytən Musayeva- ingilis dili müəllimi. Öz peşəsini sevən birisi. Öz işindən zövq alan müəllim.

 

-Bir sıra beynəlxalq təlimlərdə iştirak etmisiniz. Ən böyük nailiyyətiniz hansıdır?

-Məncə, ən böyük nailiyyətim hələ qabaqdadır. Amma bu günə olan ən böyük uğurum “TEA” proqramının qalibi olmağımdır. ABŞ-da keçirdiyim 6 həftə ərzində Azərbaycanı tanıtmağım üçün əlimdən gələni etdim. Belə ki, Kenston məktəbində yuxarı siniflər üçün Azərbaycan haqqında böyük təqdimat hazırladım, ölkəmiz haqqında geniş məlumat verdim. Uşaqlara Azərbaycanca salamlaşmağı, sağollaşmağı belə öyrətdim. Hətta təqdimatın sonunda Amerika uşaqları ilə Azərbaycan milli rəqsi olan yallı oynadıq. Çox maraqlı idi. Uşaqlar, təqdimatda iştirak edən müəllimlər çox bəyəndilər. Təlimin sonunda isə Kenston məktəbinə “Xarıbülbül” suvenirini hədiyyə etdim və Xarıbülbülün bizim üçün azadlıq, əzmkarlıq və vətənə sevgi simvolu olduğunu qeyd etdim. İstədim ki, o suvenir Kenston məktəbində qalsın və uşaqlar hər dəfə Xarıbülbülü gördükdə Azərbaycanı xatırlasınlar.

 

-İdeal müəllim necə olmalıdır?  Özünüzü ideal müəllim hesab edirsiniz?

-İdeal müəllim şagirdlərinə qarşı sevgi, şəfqət və mərhəmət hissi ilə yanaşmalıdır. Bunun üçün müəllim daima onların əhvallarını soruşmalı, dərsləri ilə maraqlanmalı və onların maddi və mənəvi problemləri ilə məşğul olmalıdır. Müəllim şagirdlərə bir səbəb olmadan əsəbləşməməli, yersiz danışmamalı, sakit şəkildə müraciət etməli, onları qıran davranışları sərgiləməməlidir. İdeal müəllim başqalarına nümunə olmalı, dediyi sözün əslinə riayət edəcək davranışlar sərgiləməlidir. İdeal müəllim olub – olmamağımı, məncə, şagirdlərimdən soruşmaq lazımdır. Amma şagirdlərimə nümunə olmaq üçün əlimdən gələni edirəm.

 

-Müəllim kimi çalışan müddətdə hansı çətinliklərlə üzləşmisiniz?

-İkinçi Qarabağ müharibəsində çətinlik çəkdim.  Vətənim öz ərazi bütövlüyü uğrunda mübarizə aparırdı. Bu müqəddəs işdə mənim yoldaşımın - Əfqan Namazovun rolu olub. Belə ki, yoldaşım Vətən Müharibəsinin iştirakçısı olub. Rütbəcə Baş Leytenantdır. Həmin dönəmdə işləmək çox çətin idi. Amma uşaqlarla çalışmaq mənə çox böyük stimul verirdi. Mən onlardan sanki enerji alırdım.

 

-Gənc müəllimlərə nə tövsiyə edərdiniz?

-Düşünürəm ki, dövlətimiz, xalqımız hər zaman gənclərə dəstək olub, onlara şərait yaradıb. Ölkəmizdə öz sahəsində uğurlu, bacarıqlı, savadlı gənclər kifayət qədərdir. Mən də çalışıram ki, vətənimizə, xalqımıza faydalı bir vətəndaş və  müəllim kimi fəaliyyət göstərim. Ümumillikdə isə, gənclərə onu demək istərdim ki, əzmli, iradəli və mübariz olsunlar. Heç bir çətinlik, maneə onları qorxutmasın. Getmək istədikləri yolu seçsinlər və bu yolda zəhmətlə, istəklə çalışsınlar. Dəstək olanlar qədər maneə olmaq istəyənlər də  çox olacaq, amma geri çəkilməsinlər. Çünki çəkilən zəhmət insana geri qayıdır. Yetər ki, o zəhməti çəkməkdən qaçmasınlar.


Açar sözlər: ,