Ləman Novruzova bakalavr və magistr təhsilini Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində alıb. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirən Ləman müəlim 2010-cu il tarixindən Göygöl rayon Texniki,Təbiət Fənləri Təmayülü liseydə coğrafiya müəllimi olaraq çalışır. Həmçinin 2018-2020-ci illərdə çalışdığı liseydə təşkilati işlər üzrə direktor müavini olaraq çalışıb.
Ləman müəllim Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil olunmuş Müəllimlərin Bacarıqlarının Gücləndirilməsi və İnteraktiv Təhsilin Yaradılması Layihəsi çərçivəsində "Blended Learning" üçün onlayn seminarında, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstititu-İnnovasiyalar üzrə təlimlərdə, Azərbaycan Respublikası Təhsil İnstitutu “Layihə Əsaslı Öyrənmə, Birplatalı platforma üzərində kodlaşdırma”, Modelləşdirmə və dizayn modulları üzrə təlimdə, İTE Təhsildə innovativ Texnologiyalar seminarlarında, Təhsil Nazirliyi və "İnnovative Business and Products" MMC tərəfindən həyata keçirilən “Layihə planlaşdırılması və layihə təkifinin yazılması” təlimində, Unique Purpose - "Hədəf, uğur və liderlik" təlimində, V sinif üçün “Təbiət dərsliyi əsasında tədrisin təşkili” təlimində, AGMA Azərbaycan Gənc Müəllimlər Assosasiasının təşkil etdiyi “Region Müəllimlərinin II Şəbəkələşmə Forumunda”, “Təhsildə yeni çağırışlar III beynəlxalq forumunda”, Beynəlxalq eTwinning lahiyəsində iştirak edib. Beynəlxalq STEAM Azərbaycan festivalında 8 ölkənin iştirakı ilə keçirilən SAF-2022 müsabiqəsində “Edu dron” kateqoriyası üzrə mentorluq etdiyi komanda birincilik əldə etməklə qızıl medal və həmçinin “Attractive Team -2022” nominasiyası üzrə mükafatlanıb.
Ləman müəllim ilə olan müsahibəmizi təqdim edirik.
Bir müəllim olaraq özünüzü necə tanıda bilərsiniz?
-Mən 13 illik pedaqoji təcrübəsi olan, işini sevərək icra edən Coğrafiya və STEAM müəllimiyəm. Qarşımdakı şagirdlərin XXI əsr şagirdləri olub biz müəllimlərdən nələri gözlədiklərini yaxşı bilirəm və bu səbəbdən daim öz üzərimdə işləyirəm. Dərslərimdə İKT avadanlıqları, web-2 alətləri, Artırılmış və Virtual reallıq tətbiqləri istifadə etməklə onların müasir müəllimdən gözləntilərini reallaşdırmağa çalışıram. Şagirdlərimin fənnimə olan maraq və sevgilərini görmək məni daha da ruhlandırır. Ən böyük uğurumu isə bütün şagirdlərimin qəlbində yer qazana bilməyimi hesab edirəm.
Müəllimlik peşəsini sevərək icra etməyinizin səbəbi nədir ?
-Gördüyü işi sevən insan daima irəliyə gedir, necə ki, fənn müəllimini sevən şagird onun fənnini oxuyur, müəllim də elədir. Biz müqəddəs peşəmizi sevə sevə icra edib 3–İ prinsipini (İstəmək , İnanmaq, İrəliləmək) unutmamalıyıq. Hər gün pozitiv enerji və sevgi ilə məktəbə gəlib (bəzən yorulsaq da) hərşeyin ən yaxşısını etməliyik, öz gücümüzə inandığımız kimi şagirdlərimizdə də bu gücü ortaya çıxarmalıyıq öz güvənlərini formalaşdırmalıyıq. Ölkəmizin gələcəyi bugün parta arxasında üzümüzə sevgi ilə baxan şagirdlərdədir, onlara düz yol göstərə bilmək şansı biz müəllimlərə verilib. Peşəmi sevərək icra etməyimin ən böyük səbəbi –öyrənməyi və sevgi ilə öyrətməyi sevirəm, bir sözlə sənətimin vurğunuyam.
-İdeal müəllim necə olmalıdır?
Mənim fikrimcə ideal müəllim- daima üzərində işləyib inkişaf edən, şagirdlərlə dil tapıb özünü və fənnini sevdirən,daima onları düzgün yola yönəldən, daxili güclərini ortaya çıxardan, fərqli metodlarla dərslərini quran, hər şagirdə valideyn qayğısı ilə yanaşıb ən əsası şagirdləri bir-birindən seçməyəndir. Həyatda təhsilin vacibliyini, sevərək elm öyrənməyin yolunu şagirdlərinə izah edəndir. Rəqəmsal dünyamızda innovasiya etmək bacarığı getdikcə daha çox əhəmiyyət kəsb edir, ideal müəllim şagirdləri fərqli düşünməyə kömək edən alətləri kəşf etməyə həvəsləndirməlidir. Uşaqlar texnologiyanı daha tez mənimsəyir və sevirlər. Onlar üçün texnologiyanı öyrənmək adi bir şeydir. Gələcək dəyişikləri izləmək , ona təsir edə bilmək müasir təhsil texnologiyalarından istifadə ilə mümkündür. İndiki şagirdlər çox savadlıdırlar. Biz daima öyrənməni müxtəlif vasitələrlə zənginləşdirməliyik . XXI əsr şagirdinin qabağında ideal müəllim olmalıdır. Dərslər əyləncəli qurulmalıdır, çünki əyləncə vacib elementdir, yüksək emosiya yaratmaqla yanaşı, şagirdlərə öyrənməkdə və xatırlamaqda kömək edir, onun öyrənmə motivasiyasına böyük təsir edir.
-Müəllim olaraq ən xoşbəxt olduğunuz anlar?
İlk öncə ən son xoşbəxt olduğum an –Beynəlxalq SAF-2022 festivalında mentorluq etdiyim “Göygöl Şahinləri” komandasının Respublika üzrə I yerə çıxıb, qızıl medal əldə etməsi oldu. Məni xoşbəxt edən digər anlar -fənnim üzrə şagirdlərimin yüksək nəticələridir (istər fərdi istərsə də siniflərarası). Əməkdaşlıq yolu ilə maket və prototiplər qurduqdan sonra uğurlu qrup təqdimatları, müasir tədris vasitələri ilə ilk dəfə şagirdlərimi tanış etdikdə üzlərində gördüyüm həyəcan qarışıq sevinc... Ümumiyyətlə hər gün sevinməyə səbəbim var - çünki müəllimlik kimi sevimli peşəyə sahibəm.
Müəllim namizədlərə,müəllimliyi xəyal edənlərə nə tövsiyə edərsiniz?
Müəllimlik peşəsi insandan həqiqətən böyük səbr gözləyir. Sinif auditoriyası müxtəlif ailələrdən gələn, fərqli dünyagörüşə malik şagirdlərdən ibarətdir. Hər şagird fərqli tip idarə olunur, bunu da müəllim səbrlə şagird ilə işlədikcə öyrənir. Kinestetik və vizual öyrənməni yəqin ki, hamı bilir. Ola bilsin bir şagird bir dəfə eşitməklə (kinestetik) öyrənir, başqa biri görməklə (vizual). Dərsi elə qurmaq lazımdır ki, hər tip şagird özünə uyğun öyrənmə ilə yeni materialı qavraya bilsin. Şagirdə vizual olaraq materiallar göstərilməlidir.(Bu istər video olsun istərsə də fənn mövzusuna aid yüklənmiş mobil tətbiqola bilər) Tövsiyəm bu ola bilər ki, işinizi layiqincə yerinə yetirməyiniz üçün sənətinizi sevin, hər yeniliyə açıq olub, hər an öyrənin.
-Sizi və dərsin gedişatını çətinə salan şagirdə necə davranarsınız?
-Təbii ki,heç kim dərsinin pozulmasını istəməz, bu hal müəllimdən daha böyük dünya görüş və səbr tələb edir.Şagirdlərə qarşı şiddət yolverilməzdir, çalışdığım müddətdə heç vaxt bundan istifadə etməmişəm. Dərsin gedişatını pozmağa çalışan şagirdi normal davranmaqla dərsin suallarına cəlb edərdim, əgər qrup işidirsə ən məsuliyyətli işi yalnız onun edə biləcəyini qeyd edib onu inandırardım, beləcə diqqəti dağılardı.
Yaxın günlərə olan hədəflərinizdən qısa nə deyə bilərsiz?
Hədəflərim çoxdur, vaxt baxımından ən yaxınını deyə bilərəm Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə rayonumuz üçün ilklərdən olacaq layihə təklifi ilə qeydiyyatdan keçmişəm. Liseyimiz ardıcıllıqla V və VI qrant müsabiqələrin qalibi olub.“STEAM möcüzəsi-IV sənaye inqilabına doğru”, “Sabahın Rəqəmsal Texnoloqları” adlı hər 2 layihənin təlimçisi olmuşam. Layihələr müəllim və rayonumuzun digər məktəblərindən olan şagird müdavimlər üçün nəzərdə tutulmuşdu. Müasir təhsil yeniliklərini daim izləyirəm və şagirdlərimiz üçün müasir avadanlıqlarla təchiz edilmiş sinif otağı qurmaq üçün əlimdən gələni edirəm.