Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzi 2021-ci ildən fəaliyyət göstərir.
STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunur. Mərkəzdə təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərməsi üçün sahələr var. Burada yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilirlər.
Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM layihəsi çərçivəsində təhsilalanlar müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap istiqamətində bilik və bacarıqlar əldə edirlər.