Türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” adlı I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri baş tutub.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanalıyev, Türkmənistanın Azərbaycandakı konsulu Sultan Akilov, Özbəkistanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Ramazan Otabek, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək müsabiqə-festivalın maraqlı və əhəmiyyətli mövzuya həsr olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Nazir müavini bildirib ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının, bəşəriyyətin böyük şair və mütəfəkkiridir. Firudin Qurbanov bu gün ölkəmizin təhsil müəssisələrində Nizami irsinin layiqincə tədris edildiyini, onun irsinin milli və bəşəri ideyalarının geniş şəkildə öyrədildiyini vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı türkdilli dövlətlər arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
Sonra qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, “Xəmsə möcüzəsi” I beynəlxalq incəsənət müsabiqə-festivalında Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Aysun Məmmədova I yerə, Gəncə şəhəri İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdi Səlim Əliyev musiqi nominasiyası üzrə I yerə, Göygöl rayonu E.Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri bədii qiraət nominasiyası üzrə III yerə, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü üzrə Hüseynova Mədinə dekorativ tətbiqi sənət nominasiyası üzrə III yerə, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin şagirdi Hüseynova Fatimə inşa nominasiyası üzrə II yerə layiq görülüb.