Mayın 20-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib.
Yarımfinal mərhələsində Respublika fənn müsabiqəsi üzrə 224, Lütfi Zadə adına məntiq olimpiadası üzrə 291 nəfər olmaqla ümummillikdə 515 nəfər şagird iştirak edib.
Qeyd edək ki, VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.
Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.