Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 12-15 yaş aralığında yeniyetmələrdən ibarət 6 rayon və şəhəri təmsil edən (Goranboy, Gəncə, Gədəbəy, Ağdaş, Mingəçevir, Naftalan) komandaların iştirakı ilə voleybol idman növü üzrə zona birinciliyi keçirilib. Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Goranboy Olimpiya İdman Kompleksində keçirilən seleksiya xarakterli yarışda Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər. Qızların yarışında “Goranboy-1”, “Naftalan”, “Mingəçevir”, “Goranboy-2”, oğlanların yarışında isə “Mingəçevir”, “Gədəbəy”, “Goranboy”, “Göygöl” və “Daşkəsən” komandaları mübarizə aparıblar.
Tədbirdə bədii hissədən sonra həlledici qarşılaşmalara start verilib. Qızların final matçında "Mingəçevir" və "Naftalan" komandaları üz-üzə gəliblər. Daha üstün oyun nümayiş etdirən "Mingəçevir" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub. Bürünc medalları isə "Goranboy-2" komandası qazanıb. Oğlanların finalı "Mingəçevir" və "Goranboy" komandaları arasında baş tutub. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Goranboy komandası yarışın qızıl medalına sahib çıxıb. Sonda qaliblərə kubok və medallar təqdim olunub.