02.10.2023

"Sətir-sətir müəllim" müsabiqəsinə start verilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında "Sətir-sətir müəllim" müsabiqəsinə start verilir. Müsabiqənin məqsədi müəllim peşəsinin dəyərinin şagirdlər tərəfindən sətirlərlə təsviridir. Müsabiqənin qaydalarına uyğun olaraq,  ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən müəllim haqqında düşüncələri məktub (bədii məktub) formasında yazılaraq məktəbin münsiflər heyətinə təqdim ediləcəkdir. İlk mərhələdə məktəb rəhbərliyi tərəfindən yaradılan münsiflər heyəti şagirdlərin xəttinə, məktubların məzmununa, yaradıcılıq səviyyəsinə, mövcud meyarlara görə qiymətləndirəcəklər.

 

Hər məktəb üzrə müsabiqənin şərtlərini ödəyən 1 məktub aidiyyəti şəhər (rayon) təhsil sektoruna təqdim ediləcəkdir. Şəhər (rayon) təhsil sektoru tərəfindən yaradılan münsiflər heyəti tərəfindən təqdim edilən məktublar içərisində meyarlara uyğun hesab edilən məktublar müəyyənləşdiriləcək və Regional Təhsil İdarəsinə təqdim ediləcəkdir.Müsabiqənin meyarlarını ödəyən məktubları yazmış şagirdlər Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaqlar.

 

Məktubun şagirdlər tərəfindən yazılaraq təqdim edilməsinin son tarixi 05 oktyabr 2023-cü il, məktəbin münsiflər heyəti tərəfindən müəyyənləşdirilən 1 məktubun təhsil sektoruna göndərilməsinin son tarixi isə 06 oktyabr 2023-cü ildir.

 

Müsabiqə üzrə bədii məktub nümunələri aşağıdakı meyar üzrə dəyərləndirilməlidir:

 

-              Məktubun strukturu ilə bağlı tələblərə əməl edilməsi, cümlələr, abzaslar və məktubun hissələri arasında məntiqi ardıcıllığın və rabitənin olması;

-              Məzmun cəhətdən mövzuya uyğunluq və əhatəliliyin olması;

-              Fikirlərin aydın ifadə edilməsi;

-              Azərbaycan ədəbi dilinin normalarına orfoqrafiya və punktuasiya (durğu işarələrindən düzgün istifadə) qaydalarına riayət edilməsi;

-              Məktubun 1 səhifə olması.

 

Məktubun sonunda şagird ad, soyad, tarix və məktəbini qeyd etməlidir.


Açar sözlər: ,