Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilib.
Təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub. Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü və milli suverenliyin simvolu, qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə ətraflı məlumat verilib.
Tədbirlərdə çıxış edənlər 8 noyabr 2020-ci ilin şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edərək, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başladığı Vətən Müharibəsi, Azərbaycan Ordusunun Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifənin təbliği haqqında məlumat veriblər.
Tədbirlərdə şagirdlər Qarabağ Zəfəri, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.