Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib.
Gəncə şəhər M.mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydə keçirilən tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, bir sıra idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib. Qeyd olunub ki, bu gün rəşadətli Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin ikinci ildönümüdür. Bildirilib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.
Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev sarsılmaz Qələbəmizin tarixi əhəmiyyətindən söz açaraq, qalib Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyi bildirib.
Tədbir şagirdlərin “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiyaları ilə davam edib.