21.11.2023

"Ömrünü təhsilə həsr edənlər” rubrikasına start verilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbüsü ilə “Ömrünü təhsilə həsr edənlər” rubrikasına start verilir. Rubrika çərçivəsində illərini təhsilə həsr etmiş pedaqoqların ictimaiyyətə təqdimatı həyata keçiriləcəkdir. Rubrika çərçivəsində ilk təqdimat tanınmış pedaqoq, respublikanin əməkdar müəllimi Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin direktoru olmuş Əkrəm (Çingiz) Ələkbər oğlu Əsgərova həsr olunur.

 

Əkrəm Əsgərov 1928-ci il iyulun 27-də Şamaxı şəhərində anadan olmuş, orta təhsilini Bakı şəhərindəki 29, 134 və 6 nömrəli məktəblərdə, ali təhsilini Moskva Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə almışdır.

 

Əmək fəaliyyətinə 1 aprel 1945-ci ildə orta məktəbdə oxuya-oxuya Bakıdakı Mərkəzi Pionerlər Evində təlimatçı kimi başlamışdır. 1950-1952-ci illərdə Şuşa şəhər 7 nömrəli rus məktəbində, 1952-1958-ci illərdə Gəncə şəhərindəki 9 və 11 nömrəli orta məktəblərdə tədris hissə müdiri, 1958-1962-ci illərdə Gəncə şəhər 9 nömrəli orta məktəbdə direktor, 1962-1963-cü illərdə Gəncə Şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Sonrakı bütün  əmək  fəaliyyəti  isə  ömrünün sonunadək işlədiyi 4 nömrəli orta məktəblə bağlı olmuşdur.

 

Ə.Əsgərovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nəticələrə görə 1973-cü ilin martında "Azərbaycan SSR qabaqcil maarif xadimi" döş nişanına, həmin ilin dekabrında "Azərbaycan SSR-in əməkdar müəllimi" fəxri adına, 1978-ci ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

 

Əkrəm müəllim ictimai işlərdə də fəal iştirak etmişdir. O, 1962-1975-ci illərdə Gəncə Şəhər Sovetinin deputatı və daimi komissiyanın sədri, 1982-1991-ci illərdə Gəncə Şəhər Nizami Rayon Sovetinin deputatı və icraiyyə komitəsinin üzvü, 1991-ci ildən ömrünün sonunadək isə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Şurasının üzvü olmuşdur.

 

Əkrəm Əsgərov 1993-1995-ci illərdə Beynəlxalq Məktəb Şuraları Assosiasiyasının vitse-prezidenti (qərargahı Moskva şəhərindədir), sonralar isə idarə heyətinin üzvü, 1988-ci ildə Gəncə Şəhər Təhsil Şurasının sədri, 1993-cü ildə isə Azərbaycan Respublikası Müəllimlər Şurasının üzvü kimi ictimai vəzifələrə seçilmiş və bu vəzifələri layiqincə yerinə yetirməklə ona göstərilən etimadı doğrultmuşdur. Əkrəm müəllim müstəqil Azərbaycan Respublikasının bütün müəllimlər qurultayının nümayəndəsi olmuşdur.

 

Əkrəm müəllim təcrübə mübadiləsi məqsədi ilə 1950-1980-ci illərdə Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə ezam edilən nümayəndə heyətlərinə başçılıq etmiş, İttifaq (Kiyevdə), Zaqafqaziya (İrəvanda), respublika daxilində (Bakıda, Qubada, Xanlarda) və YUNESKO xətti ilə Bakıda keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmiş, iş təcrübəsi keçmiş İttifaq miqyasında "Narodnoye obrazovaniye" (N 7, 1982), "Çelovek i zakon" (N 4, 1974) jurnallarında, "Azərbaycan SSR müəllimlərinin altıncı qurultayı" (Bakı, "Maarif", 1980), "Rassvet narodnoqo obrazovaniya v Azerbaydjane" (Bakı, "Maarif", 1980), "Nəcib peşə sahibləri" (Bakı, "Maarif", 1977), "Bakinskiy raboçiy", "Molodyoj Azerbaydjana", "Panorama Azerbaydjana", "Azərbaycan müəllimi" qəzetlərində işıqlandırılmışdır.

 

Azərbaycan Respublikası "Təhsil" cəmiyyətinin idarə heyəti 25 aprel 2001-ci il tarixli qərarı ilə Əkrəm Əsgərov adına diplom təsis etmiş, Respublika Ziyalılar Cəmiyyəti isə Əkrəm müəllimi "Fəxri ziyalı" diplomu ilə təltif etmişdir.

 

Əkrəm Ələkbər oğlu Əsgərov yüksək idarəçilik səriştəsi ilə seçilmiş, onun rəhbərlik etdiyi Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-lisey 2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 


Açar sözlər: ,