15.05.2025

IV və VI sinif şagirdləri üçün həyata keçiriləcək monitorinqlərlə bağlı nəzarətçilərlə görüş keçirilib

Görüşdə monitorinq barədə ətraflı məlumat verilib, müvafiq təlimat nəzarətçilərə təqdim edilib.

 

Qeyd edək ki, 17 may tarixində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV, 18 may tarixində isə VI siniflərində monitorinq təşkil olunacaq. Monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

 

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, tədrisin keyfiyyətinin artırılması və səriştə əsaslı qiymətləndirmənin təşviqi istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

 

Monitorinqdə IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə 25 qapalı və 5 açıq kodlaşan sual, VI sinif şagirdlərinə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq kodlaşan sual təqdim olunacaq. Səhv cavablar düz cavablara təsir göstərmir.

 

Monitorinqdə ümumilikdə proses IV siniflərdə 150 dəqiqə, VI siniflər də isə 180 dəqiqə ərzində təşkil olunacaq.

Monitorinqin nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.