Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə təlimlər davam etdirilir.
Strateji planlaşdırma və illik fəaliyət planlarının hazırlanması mövzusunda olan təlim Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin direktoru Gülnar Hüseynova tərəfindən həyata keçirilib.
Təlim müddətində Strateji planlaşdırma hazırlanarkən strateji planın komponentləri, fəaliyyət sahələri, strateji məqsədlər, SWOT (GZİT) təhlil qruplarda müzakirə edilib. Qruplar təqdimat hazırlayıb işlərini təqdim ediblər.
Təlimlərin məqsədi məktəb direktorlarının müasir idarəetmə sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi, onların informasiya texnologiyalarına və qabaqcıl təlim sisteminə bələd olması, həmçinin effektiv məktəb idarəetməsi və liderlik potensialının inkişaf etdirilməsindən ibarətdir.
Təlimlər may ayının sonunadək davam edəcək. Təlimlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin digər əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə həyata keçiriləcəkdir.
Qeyd edək ki, Regional Təhsil İdarəsinin tabeliyində olan digər ümumtəhsil məktəblərinin direktorları üçün də təlimlər keçiriləcək.