Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbüsü ilə həyata keçirilən “Ömrünü təhsilə həsr edənlər” rubrikasının budəfəki buraxılışı tanınmış pedaqoq, respublikanin Əməkdar müəllimi Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin uzun illəri direktoru olaraq çalışmış Müsəddin Məmmədova həsr olunur.
Müsəddin Məmmədov 12 fevral 1926-cı ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur. 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsini bitirən Müsəddin Məmmədov 1952-ci ildə pedaqoji fəaliyyətə başlamışdır. O, 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatının iqtisadiyatı və təşkilatı fakültəsini bitirmişdir.
Müsəddin Məmmədov 1973-cü ildən 2011-ci ilədək Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Müsəddin Məmmədovun təhsil sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti respublika, şəhər və keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən dəfələrlə qiymətləndirilmişdir.
Müsəddin Məmmədov 1984-cü ildə “Əməkdar müəllim”, 1976-cı ildə “Maarif xadimi” adlarına layiq görülmüşdür. Qələbənin 30, 40, 50, 60 və 70 illik yubilleyləri münasibətilə Böyük Vətən müharibəsi illərində arxa cəbhədə göstərdiyi rəşadətli əməyinə görə medallarla, 1978-ci ildə SSRİ “Maarif əlaçısı” döş nişanı, 1979-cu ildə isə SSRİ “Mülki müdafiə əlaçısı” döş nişanları ilə təltif olunmuşdur.
Müsəddin Məmmədov Azərbaycan təhsilinin inkişafındakı böyük xidmətlərinə görə Prezident cənab İlham Əliyevin 31 may 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.