20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.
Anım mərasimi şəhərin Şəhidlər xiyabanında təşkil olunub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, general-mayor Vasif Kazımov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Doridze, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları, şəhərdə fəaliyyət göstərən dini konfesiyaların rəhbərləri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər.
Əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər. Daha sonra Niyazi Bayramov və Vasif Kazımov "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.
Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.