23.02.2024

“Ömrünü təhsilə həsr edənlər” rubrikası bu dəfə Əməkdar müəllim Hüseyn Zahidova həsr olunur

Hüseyn Zahidov 2 sentyabr 1950-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub.  Hüseyn Zahidov 1976-cı ildə Gəncə Dövlət Pedaqoji İnstitunun (Gəncə Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə  diplomu ilə bitirib. O, əvvəllər Masallı rayonunun Xırmandalı kənddə tarix müəllimi olaraq fəaliyyət göstərib. Gəncə şəhər 34 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamış, az sonra həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq fəaliyyətini davam etdirib. 1994-cü ildə müəllimlərin attestasiyası zamanı ona ali kateqoriyalı müəllim adı verilmişdir. Müəllimlərin II qurultayının nümayəndəsi olmuşdur.

 

Hüseyn Zahidov Gəncə şəhər üzrə keçirilən fənn olimpiadalarının illər ərzində münsiflər heyətinin sədr və sədr müavini vəzifələrini yerinə yetirib. “2002-ci ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olan, Hüseyn müəllim eyni zamanda ictimai əsaslar üzrə metodist vəzifəsini icra edib. Müəllimlərin və metodbirləşmə rəhbərlərinin avqust və yanvar müşavirələrində aktiv iştirak edərək, elmi və metodiki cəhətdən məsləhətlər verib, tarix üzrə keçirilən elmi-praktik konfranslarda metodiki məruzələrlə çıxış edib.

 

Hüseyn müəllimin yetişdirdiyi şagirdlər ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsillərini uğurla başa vurub Respublikamızın Xarici İşlər Nazirliyində, Daxili işlər, Ədliyyə və prokurorluq orqanlarında, səfirliklərdə, radio və televiziyalarda və s. müvəffəqiyyətlə çalışırlar.  

 

Hüseyn Zahidov Gəncənin ədəbi mühitinin onun şair və publisist kimi formalaşmasında böyük rolu olmuşdur. Onun şeir və hekayələri respublikamızın bir çox aparıcı dövlət qəzet və jurnallarında dərc olunmuşdur. Bu yazılarda çağdaş dünyamızda baş verən qlobal proseslər, ictimai-siyasi və sosial həyatımızda mövcud olan neqativ hallar, suveren və müstəqil Azərbaycanımızı əhatə edən əzəmətli quruculuq işləri, yurd sevgisi, vətənimizə və dövlətimizə məhəbbət motivləri şair qəlbinin süzüb gələn şeirlərin ana xəttini təşkil edirdi.

 

Hüseyn Zahidov 24 kitabın, həmçinin 4 metodik vəsaitin müəllifidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun və Gəncə şəhər Təhsil İdarəsinin təşəbbüsü ilə Hüseyn Əsgər oğlu Zahidova həsr edilmiş  “Vətən eşqi ilə döyünən ürək” adlı kitab nəşr olunmuşdur. Kitab Gəncə şəhər 34 nömrəli tam orta məktəbin ali kateqoriyalı tarix müəllimi Hüseyn Əsgər oğlu Zahidovun qabaqcıl iş təcrübəsindən və yaradıcılığından bəhs edir.

 

Hüseyn Zahidov 2002-ci ildə “Respublikanın ən yaxşı tarix müəllimi”adına,  2007 - ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdü


Açar sözlər: ,