Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbdə başlayan “100 Festivalı”nda müxtəlif əyləncəli proqramlar, idman yarışları keçirilib, məktəbdənkənar təhsil müəssisələri tərəfindən müxtəlif əl işləri sərgilənib. Bundan başqa, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş müxtəlif növ yarışların qalibləri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən təltif ediliblər.
Festival çərçivəsində Regional Təhsil İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən veloyürüş 41 nömrəli tam orta məktəbin qarşısından start götürüb, Heydər Əliyev Mərkəzinin önündə yekunlaşıb. Burada rəsmilər və veloyürüş iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra püşkatma yolu ilə iştirakçılardan birinə velosiped hədiyyə olunub.
Tədbir Heydər Əliyev Park-Kompleksində sərgi ilə davam edib. Burada STEAM Mərkəzinin, şəhərimizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin və digər müəssisələrin təqdimatında bir-birindən maraqlı əl işləri və rəsm əsərləri nümayiş olunub.