Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, şəhid ailələri, qazi təhsil işçiləri, idarə əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixindən başlanan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının bir daha diqqətinə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Daha sonra çıxış edən II Qarabağ müharibəsinin qazisi, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunan Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin tarix müəllimi Tacəddin Verdiyev və Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbdə riyaziyyat müəllimi çalışmış şəhid “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Vidadi İsrafilovun atası, həmin məktəbin direktoru vəzifəsində çalışan Vaqif İsrafilov Vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən bəhs edərək 27 sentyabr tarixinin ölkəmiz üçün qələbənin başlanğıc tarixi olduğunu bildirib.
Tədbirdə məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin uşaqları müxtəlif kompozisiyalarla çıxış ediblər.