Aprelin 25-də Gəncədə “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” adlı forum keçirilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə keçirilən forumda 300-dək müəllim iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsini icra edən Elmin Məmmədtağıyev çıxışında forumda qeyd olunan mövzunun təhsilin inkişaf aspekti istiqamətində olduqca vacib olduğunu, çağdaş təhsildə təşkilatlanma ən əhəmiyyətindən danışıb. Gənc müəllimlərin təkmilləşməsi istiqamətində AGMA-nın fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Psixologiya Akademiyasının direktoru Ramil Hüseynzadə, ARTİ, Təhsil Texnologiyaları Mərkəzinin
Məktəbəqədər təhsil üzrə layihələr şöbəsinin müdiri Orxan Cəfərov, Elm üzrə Prezident mükafatçısı, gənc alim Elnur Həsənov çıxış edərək, forumun mahiyyəti və aktuallığı barədə danışıblar. Onlar müasir təhsil sistemində nəsil tərbiyəsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən yeniliklər və innovativ metodlardan bəhs ediblər.
Rəsmi hissədən sonra bədii hissədə Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Azərin" rəqs qrupunun rəqs nömrəsi nümayiş olunub.
Forum panel müzakirə ilə işini davam etdirib.
AGMA-nın sədr müavini, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səltənət Qurbanova moderatoru olduğu panel müzakirədə spikerlər Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Göyçək Namazova, Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü liseyin direktoru Zəhra Zeynalova, Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Günel Hacıyeva müəllimlərin öz şəxsi nümunələri ilə şagirdlərinə dəyər aşılamaları, məktəbdə dəyər yönümlü təhsilin əsası, şagirdlərdə vətənpərvərlik, dürüstlük, əməksevərlik kimi əsas dəyərlərin inkişafı, dəyərlərin formalaşmasında sosial mühitin əhəmiyyəti və digər mövzularda çıxış ediblər.
Forum qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.