23.04.2025

23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Türkiyənin Gəncədəki Baş Konsulluğunun birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.

 

Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, Gəncə-Daşkəsən Regional İdarəsinin məsul əməkdaşları, təhsil işçiləri və şagirdlər iştirak ediblər. 

 

Əvvəlcə Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Recep Öztop çıxış edərək bildirib ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Respublikasının qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. O qeyd edib ki, Türkiyənin hər bir tərəfində olduğu kimi, Azərbaycanın bölgələrində, o cümlədən Gəncə şəhərində də bu bayram böyük coşğu ilə qeyd olunur.

 

Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayaraq, bütün uşaqları 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib, onlara sağlam gələcək və firavan həyat arzulayıb.

 

Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli körpələr evi-uşaq bağçasının, 4, 16, 22 və 44  nömrəli tam orta məktəblərin, habelə, Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdlərinin təqdimatında müxtəlif çıxışlar izlənilib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.