Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında şahmat yarışı keçirilib.
Yarışda 80-dək təhsil işçisi mübarizə aparıb. Dövlət Himninin səsləndirilməsi ilə başlayan yarışda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Yarışın keçirilməsində əsas məqsədin bölgədə şahmatın inkişafına töhfə vermək, eyni zamanda, təhsil işçilərinin asudə vaxtını səmərəli təşkil etmək və aralarında dostluq münasibətlərini möhkəmləndirməkdən ibarət olduğunu qeyd edib.
Yarışdan əvvəl təşkil edilmiş sərgiyə baxış keçirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar izlənilib.
Yarışda qalib gələn təhsil işçiləri Həmkarlar Komitəsi tərəfindən kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.