01.05.2026

Dövlət dilinin tədrisinin təmin edilməsi istiqamətində dərslər keçirilir

        Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, tədrisin digər dillərdə aparıldığı ümumi təhsil müəssisələrində Azərbaycan dilinin dövlət dili kimi keyfiyyətli tədrisinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.

        Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər çərçivəsində şagirdlərin Azərbaycan dili üzrə dinləmə, danışma, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş dərslər təşkil olunur. Dərslər zamanı dövlət dilinin düzgün istifadəsi, zəngin söz ehtiyatının formalaşdırılması, şifahi və yazılı nitq mədəniyyətinin inkişafı, eləcə də Azərbaycan ədəbi dil normalarının mənimsənilməsi xüsusi diqqət mərkəzində saxlanılır.

        Tədris prosesi müasir pedaqoji yanaşmalar əsasında qurulur, interaktiv metodlardan istifadə edilməklə şagirdlərin dərslərdə fəal iştirakına şərait yaradılır. Müəllimlər tərəfindən müxtəlif mətnlər, təqdimatlar, müzakirələr və praktik tapşırıqlar vasitəsilə şagirdlərin dövlət dilində sərbəst ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində sistemli iş aparılır.

        Həyata keçirilən tədbirlərin əsas məqsədi şagirdlərin Azərbaycan dilini yüksək səviyyədə mənimsəmələrinə, dövlət dilində sərbəst ünsiyyət qurmalarına və təhsil prosesində bu dildən səmərəli istifadə etmələrinə dəstək göstərməkdir.

        Dövlət dilinin tədrisinin keyfiyyətinin artırılması və şagirdlərin dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.