24.04.2026

“Azərbaycan dili milli varlığımızdır” mövzusunda müsabiqə keçirili

        Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Ə. Vəliyev adına 5 nömrəli tam orta məktəbdə “Azərbaycan dili milli varlığımızdır” mövzusunda müsabiqə keçirilib.

        Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə Azərbaycan dilinə sevgi və hörmət hissinin formalaşdırılması, dövlət dilinin zənginliyinin təbliği, ana dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.

        Tədbirdə çıxış edənlər Azərbaycan dilinin xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olduğunu, milli kimliyimizin və mənəvi irsimizin qorunub saxlanılmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, Azərbaycan dilinin saflığının qorunması və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdəndir.

        Müsabiqə çərçivəsində şagirdlər Azərbaycan dilinin tarixi, zəngin söz ehtiyatı, görkəmli dilçi alimlər, klassik və müasir ədəbiyyat nümunələri, eləcə də dövlət dilinin tətbiqi ilə bağlı müxtəlif mövzularda bilik və bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar təqdimatlar, bədii qiraətlər və sual-cavab mərhələləri vasitəsilə öz hazırlıq səviyyələrini ortaya qoyublar.

        Şagirdlərin fəal iştirakı ilə keçən müsabiqə onların ana dilinə marağının artırılmasına, nitq mədəniyyətinin formalaşdırılmasına və milli-mənəvi dəyərlərə bağlılıq hissinin gücləndirilməsinə töhfə verib.

        Sonda fərqlənən iştirakçılar mükafatlandırılıb, müsabiqənin qaliblərinə diplomlar təqdim olunub və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.