“Azərbaycan dili milli varlığımızdır” mövzusu çərçivəsində Göygöl şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinə ekskursiyası təşkil edilib.
Ekskursiyanın məqsədi şagirdlərdə ana dilimizə, milli-mənəvi dəyərlərimizə və elmi irsimizə marağın artırılması, Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində aparılan elmi tədqiqatlarla yaxından tanışlığın təmin edilməsi olub.
Şagirdlər ekskursiya zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin fəaliyyəti, burada həyata keçirilən elmi araşdırmalar, dil, ədəbiyyat, tarix və mədəniyyət sahələrində aparılan tədqiqatlar barədə ətraflı məlumat əldə ediblər. Bölmənin əməkdaşları tərəfindən Azərbaycan dilinin tarixi inkişaf yolu, onun zənginliyi, dövlət dili kimi əhəmiyyəti və müasir dövrdə qorunması istiqamətində görülən işlər barədə təqdimatlar keçirilib.
Görüş zamanı şagirdlər elmi müəssisənin kitabxanası, elmi fondları və müxtəlif ekspozisiyaları ilə tanış olub, onları maraqlandıran suallara cavab alıblar. Ekskursiya çərçivəsində Azərbaycan dilinin milli kimliyimizin əsas göstəricilərindən biri olduğu, xalqımızın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən mühüm amillərdən hesab edildiyi vurğulanıb.
Şagirdlər ekskursiyanın onların dünyagörüşünün genişlənməsinə, elmi biliklərinin zənginləşməsinə və Azərbaycan dilinə olan maraqlarının daha da artmasına mühüm töhfə verdiyini qeyd ediblər.