17.04.2026

İnternet təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub

        Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ailələrin, valideynlərin və şagirdlərin internet mühitində mövcud olan risklər barədə məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.

        Tədbirlərin keçirilməsində əsas məqsəd rəqəmsal texnologiyalardan təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, internetdə qarşılaşa biləcək təhlükələr barədə məlumatlılığın artırılması, uşaqların kibertəhlükələrdən qorunmasına dəstək göstərilməsi və valideynlərin bu sahədə maarifləndirilməsidir.

        Görüşlər zamanı iştirakçılara sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, şəxsi məlumatların qorunması, kibertəhdidlər, onlayn fırıldaqçılıq halları, zərərli məzmunun təsirləri, kiberbullinq və rəqəmsal mühitdə etik davranış prinsipləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, internetdən düzgün və təhlükəsiz istifadə uşaqların sağlam inkişafı, psixoloji rifahı və informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

        Tədbirlər çərçivəsində valideynlərlə uşaqların internet fəaliyyətinə nəzarət mexanizmləri, ailədaxili ünsiyyətin gücləndirilməsi, rəqəmsal platformalardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi və mümkün risklərin vaxtında müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

        İştirakçılara internet mühitində təhlükəsizliyin təmin olunması üçün praktik tövsiyələr təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

        Qeyd olunub ki, rəqəmsal dövrdə internet təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi uşaqların təhlükəsiz informasiya mühitində böyüməsinə, ailələrin bu sahədə məlumatlılığının artırılmasına və sağlam rəqəmsal davranış vərdişlərinin formalaşmasına mühüm töhfə verir.

        Bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.