06.05.2026

"İnsan hüquqları və uşaq hüquqları", "Şagird və müəllim münasibətlərində hüquqi çərçivə" mövzusunda maarifləndirici görüşlər keçirilib

        Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində insan hüquqları, uşaq hüquqları, eləcə də şagird və müəllim münasibətlərində hüquqi çərçivə mövzularına həsr olunmuş maarifləndirici görüşlər keçirilib.

        Görüşlərin əsas məqsədi şagirdlərin hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, insan hüquqlarına hörmət prinsiplərinin təbliği, uşaqların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinin gücləndirilməsi və təhsil mühitində sağlam münasibətlərin formalaşdırılmasına dəstək göstərmək olub.

        Tədbirlər zamanı iştirakçılara insan hüquqlarının əsas prinsipləri, uşaqların təhsil, sağlamlıq, inkişaf, müdafiə və iştirak hüquqları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hər bir uşağın təhlükəsiz, inklüziv və dəstəkləyici təhsil mühitində təhsil almaq hüququ vardır və bu hüquqların təmin olunması cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir.

        Görüşlər çərçivəsində şagird və müəllim münasibətlərində qarşılıqlı hörmət, etik davranış qaydaları, hüquq və məsuliyyət balansı, təhsil prosesində iştirakçıların vəzifələri və hüquqi çərçivə ilə bağlı məsələlər müzakirə olunub.         Eyni zamanda, məktəb mühitində əməkdaşlıq, tolerantlıq, qarşılıqlı anlaşma və sağlam ünsiyyət mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

        İnteraktiv formatda təşkil edilən tədbirlərdə iştirakçılar müxtəlif situasiyalar əsasında müzakirələr aparıb, sual-cavab sessiyalarında iştirak edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər. Təqdimatlar və maarifləndirici çıxışlar vasitəsilə hüquqi biliklərin artırılması istiqamətində ətraflı məlumatlar təqdim olunub.

        Sonda qeyd edilib ki, insan və uşaq hüquqlarının təbliği, hüquqi maarifləndirmə işinin gücləndirilməsi və təhsil iştirakçıları arasında hüquq mədəniyyətinin formalaşdırılması sağlam və təhlükəsiz təhsil mühitinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir.