12.03.2026

“Fərqliliklərə hörmət” mövzusunda sinif saatları keçirilib

        Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlər arasında qarşılıqlı hörmət, tolerantlıq və inklüziv dəyərlərin təşviqi məqsədilə “Fərqliliklərə hörmət” mövzusunda sinif saatları təşkil olunub.

        Sinif saatları zamanı şagirdlərə insanların fərqli xüsusiyyətlərə, maraqlara, dünyagörüşünə, dilə, mədəniyyətə və həyat təcrübələrinə malik olmalarının cəmiyyətin zənginliyi olduğu izah edilib. Bildirilib ki, müxtəlifliyə hörmət göstərilməsi sağlam ünsiyyətin, qarşılıqlı anlaşmanın və sosial həmrəyliyin əsas şərtlərindən biridir.

        Tədbirlər çərçivəsində mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib, maarifləndirici videoçarxlar izlənilib, qrup müzakirələri və interaktiv fəaliyyətlər həyata keçirilib. Şagirdlərlə tolerantlıq, empatiya, qarşılıqlı dəstək, ayrı-seçkiliyin mənfi təsirləri və inklüziv mühitin formalaşdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

        Sinif saatlarında vurğulanıb ki, hər bir fərdin hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, müxtəlifliyi qəbul etmək və insanlara bərabər münasibət göstərmək müasir cəmiyyətin əsas dəyərlərindəndir. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bölüşərək fərqliliklərə hörmətin gündəlik həyatda və məktəb mühitində əhəmiyyətini müzakirə ediblər.

        Qeyd olunub ki, bu cür maarifləndirici fəaliyyətlər şagirdlərdə tolerantlıq mədəniyyətinin, sosial məsuliyyət hissinin və müsbət davranış vərdişlərinin formalaşmasına mühüm töhfə verir.