Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin maliyyə savadlılığının artırılması, vergi mədəniyyətinin formalaşdırılması və vergi sisteminin cəmiyyətin inkişafındakı rolunun təbliği məqsədilə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı iştirakçılara vergi anlayışı, vergilərin dövlət büdcəsinin formalaşmasındakı əhəmiyyəti, vergi vətəndaşlığı, vergi ödəyicilərinin hüquq və vəzifələri, eləcə də vergilərin sosial-iqtisadi inkişafda rolu barədə ətraflı məlumat verilib.
Görüşlərdə vurğulanıb ki, vergilər təhsil, səhiyyə, infrastruktur və digər mühüm sahələrin maliyyələşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Şagirdlərə dövlət-vətəndaş münasibətlərində vergi mədəniyyətinin əhəmiyyəti izah olunub, qanunvericiliyə hörmət və vətəndaş məsuliyyəti anlayışları haqqında məlumatlar təqdim edilib.
Maarifləndirici tədbirlər çərçivəsində təqdimatlar nümayiş etdirilib, interaktiv müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılar vergi sistemi ilə bağlı biliklərini artırmaqla yanaşı, bu sahənin cəmiyyətin inkişafına verdiyi töhfələr barədə daha ətraflı məlumat əldə ediblər.
Qeyd olunub ki, şagirdlər arasında maliyyə və vergi savadlılığının artırılması istiqamətində həyata keçirilən bu kimi tədbirlər gələcəkdə məsuliyyətli vətəndaş mövqeyinin formalaşdırılmasına, iqtisadi biliklərin inkişafına və hüquqi maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verir.
Bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.