Mayın 17-də Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra Respublika Fənn Olimpiadalarına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov bildirib ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur.
Nazir Respublika Fənn Olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayının artaraq, 27 500 nəfərə yüksəldiyini nəzərə çatdırıb. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsini müsbət hal kimi dəyərləndirən təhsil naziri ümumilikdə, 260 şagirdin qalib adına layiq görüldüyünü söyləyib.
M.Cabbarov bildirib ki, müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə məktəblilərimizin yüksək səviyyədə çıxış etməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin səmərəliliyinin göstəricisidir. Belə ki, cari tədris ilində Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar. Təsadüfi deyil ki, bir çox Respublika və Beynəlxalq Olimpiada qaliblərimiz dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinə, Balkan Riyaziyyat Olimpiadasında medal alan şagirdlər isə Türkiyənin Bilkənt və Orta Doğu Texniki universitetlərinə dəvət ediliblər.
Bütün bu uğurların qazanılmasında ümumi təhsil müssisələrində çalışan peşəkar müəllimlərin əməyini xüsusi olaraq qeyd edən nazir istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər arzulayıb. Təhsil naziri şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik edib, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə məlumat verilib ki, 3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının I mərhələsində 27 500, ikinci mərhələsində 4 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə ( riyaziyyat, fizika, kimya, biologiya və informatika) 128, humanitar fənlər üzrə isə (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) 132 nəfər qalib adına layiq görülüb.
Sonra çıxış edənlər Beynəlxalq olimpiadalarda azərbaycanlı məktəblilərin uğurlu çıxışını təmin etmək üçün görülmüş işlər, Respublika olimpiada mərkəzlərinin fəaliyyətinin və aşağı sinif şagirdləri arasında təşkil olunan fənn müsabiqələrinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
Tədbirdə qalib məktəblilər qeyd edib ki, belə yarışlar onları müxtəlif fənləri daha dərindən mənimsəməyə stimullaşdırır və məktəblilər arasında sağlam rəqabət mühiti yaradır.
Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirin informasiya dəstəyi APA İnformasiya Agentliyi və 1news.az saytına məxsusdur.