Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Bu yol Heydər yoludur” adlı inşa müsabiqəsi keçiriləcəkdir.
İnşa müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan dövlətinin qurucusu Ulu öndərin zəngin, siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.
Müsabiqə rayon (şəhər) və region üzrə olmaqla 2 mərhələdə kağız üzərində yazılı formada təşkil olunacaq. Müsabiqədə iştirak etmək istəyən təhsilalanlar Musabiqe@ganja-sti.edu.az elektron poçt ünvanına ad, soyad, ata adı, təhsil aldığı məktəb, təvəllüd, şəhər (rayon), sinif və əlaqə nömrəsi barədə məlumatları qeyd edərək göndərməlidirlər. Qeydiyyat üçün son tarix 17 aprel 2023-cü ildir.
Müraciət edən təhsilanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak etmək üçün yerli təhsil sektorlarına dəvət ediləcəklər. Müsabiqə üçün müəyyənləşdirilmiş siyahıdakı mövzulardan birini seçərək verilən vaxt çərçivəsində inşa yazılacaqdır. İnşaları meyarlara uyğun hesab edilən şagirdlər müsabiqənin region mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İnşa mətnində sözlərin sayı 500-700 arası olmalıdır.
Region mərhələsində iştirak etmək hüququ qazanan namizədlər öncədən elan edilmiş yer və saatda mövzulardan (rayon (şəhər) mərhələsində seçilən mövzudan fərqli mövzu seçimi edilməlidir) birini seçərək verilən vaxt çərçivəsində inşa yazacaqlar. Meyarlara uyğun hesab edilən təhsilalanlar müsabiqədə müxtəlif yerlərinə layiq görüləcəklər.
Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlanacaqlar.
İnşa müsabiqəsi üzrə yazı nümunələri aşağıdakı meyar üzrə qiymətləndiirləcəkdir
İnşanın məzmun cəhətdən verilən mövzuya uyğunluğu və əhatəliliyi;
Fikirlərin aydın ifadə edilməsi, faktlarla və şəxsi mühazirələrlə əsaslandırılması;
Azərbaycan ədəbi dilinin normalarına, orfoqrafiya və punktuasiya (durğu işarələrindən düzgün istifadə) qaydalarına riayət edilməsi;
Mətnin strukturu ilə bağlı tələblərə əməl edilməsi, cümlələr, abzaslar və mətnin hissələri arasında məntiqi ardıcıllığın və rabitənin olması;
Üslub xüsusiyətlərindən, lüğət ehtiyatının zənginliyindən səmərəli istifadə.
İnşa müsabiqəsinin mövzuları isə aşağıdakı kimidir.
Heydər Əliyev: “Təhsil millətin gələcəyidir!”;
Heydər Əliyev gənclərin ilham mənbəyidir;
Heydər Əliyev və Azərbaycan dilinin inkişafı;
Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur;
Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin rolu.