2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il üçün “Tədbirlər Planı”nın 3.1.3.1-ci bəndinin yerinə yetirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:

1.1. Aidiyyəti yerli təşkilatlarla birgə 2017-2018-ci dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2012-ci il təvəllüdlü 5 yaşlı uşaqların sayının dəqiqləşdirilməsi, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin və müəllimlərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər.

1.2. Məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlasınlar.

1.3. Məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında komplektləşdirilməsini təmin etsinlər.

1.4. Məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirsinlər.

1.5. 2017-ci il avqust ayının sonunadək əlavə olunan formalar üzrə məlumatları və görülmüş işlər barədə yazılı hesabatı Nazirliyə göndərsinlər.

2. Məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilsinlər.

3. Müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri məktəbəhazırlıq qruplarının mövcud normativlər əsasında və müəyyən edilmiş say çərçivəsində təşkilini nəzarətdə saxlasınlar.

4. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), İnsan resursları şöbəsi (E.Bağırov), Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (V.Yaqublu) məktəbəhazırlıq təhsilini aparacaq müəllimlərin yerlərdən alınmış adlı siyahısı əsasında həmin müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlərin iyun-sentyabr ayları ərzində təşkilini təmin etsinlər.

5. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsil İnstitutu (E.Əmrullayev), Tədris resursları şöbəsi (E.Rüstəmov) 2017-2018-ci dərs ilində məktəbəhazırlıq təhsilinin təşkili üçün tələb olunan tədris resurslarının, malların adı və miqdarı barədə məlumatı Maliyyə şöbəsinə təqdim etsinlər.

6. Maliyyə şöbəsi (R.Orucov) və Əsaslı Tikinti və Təchizat idarəsi (A.Axundov) ayrılmış büdcə vəsaiti çərçivəsində olmaqla əmrin 5-ci bəndinin icrası üzrə təqdim olunacaq məlumatlar əsasında məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı tələb olunan tədris resurslarının və digər malların satınalınması və vaxtında ümumi təhsil müəssisələrinə çatdırılması ilə bağlı aidiyyəti tədbirlərin görülməsini təmin etsinlər.

7. İnformasiya şöbəsi (E.Əliyev) KİV-lərdə məktəbəhazırlığın təşkili ilə bağlı təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsini, əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

4 aprel 2017-ci il

№184