2020-2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı ilə bağlı ən çox verilən suallar və onların cavabları

Sual: Müəllimlərin işə qəbulu imtahanları nə zaman başlanılacaq?

Cavab: Müəllimlərin işə qəbulu imtahanlarına 14 avqust tarixindən başlanılacaq və imtahanın keçiriləcəyi tarix, saat və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə hissə-hissə göndəriləcək.

 

Sual: İşə qəbul imtahanları harada təşkil ediləcək?

Cavab: İmtahanlar namizədlərin yaşayış bölgələri (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa, Tovuz) üzrə təşkil olunacaq 32 regional mərkəzdə həyata keçiriləcək.

 

Sual: Namizədlər imtahanda hansı qaydada iştirak edəcəklər?

Cavab: Namizəd imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. İmtahan binasına daxil olan namizədin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılacaq və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılacaq.

 

Sual: İmtahana gələn namizədlər özləri ilə hansı sənədləri gətirməlidirlər?

Cavab: Azərbaycan Respublikasının vətəndaşları: Şəxsiyyəti təsdiq edən sənədin əsli və şəxsi səhifədən çıxarış;

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər: Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsinin əsli və şəxsi səhifədən çıxarış.

 

Sual: Test imtahanında namizədlərə hansı bölmələr üzrə test tapşırıqları təqdim olunacaq?

Cavab: Test imtahanında hər bir namizədə 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunacaq.

 

Sual: İmtahan müddəti nə qədərdir?

Cavab: İmtahan müddəti 90 dəqiqədir. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində cavabları təfsilatlı görmək imkanı yaradılacaq.