Sual: 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri nə vaxt keçiriləcək?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcəkdir.
Sual: 2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər?
Cavab: Ölkəmizdə məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.
Sual: Məktəbdən yayınma hallarının qarşısı necə alınır?
Cavab: Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur.
Sual: 12 illik təhsil sisteminə keçidlə əlaqədar hansı yeniliklər var?
Cavab: 12 illik ümumi təhsilə keçidlə bağlı icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır.
Sual: Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?
Cavab: Bəli. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Sual: Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?
Cavab: Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.